Qazaxıstanın paytaxtı Astanada ünya Şahmat Tacı uğrunda görüşün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, budəfəki mərasim əvvəlki illərlə müqayisədə bir qədər fərqli şəraitdə keçib.
Belə ki, təşkilatçılar yarışa diqqəti cəlb etmək üçün müasir texnologiyalardan istifadə edib. Daha doğrusu, prosesə robot cəlb edilib. Qaydaya əsasən, reytinqdə öndə olan şahmatçı ilk partiyada hansı rəngdə fiqurla oynamaq istədiyini deməli, robot da səbətdən həmin rəngdə fiquru çıxartmalı idi. Uyğunluq olacağı halda, prosedur başa çatacaqdı. Əks halda, rəqib bu metoddan yararlana biləcəkdi.
Amma birinci seçim imkanı əldə edən İddiaçılar turnirinin qalibi olan Yan Nepomnyaşi ilk cəhddən ağ fiqurla oynamaq istədiyini deyib, robot da səbətdən həmin fiquru çıxarıb. Belədə Nepomnyaşi aprelin 9-da startı veriləcək yarışın ilk partiyasında Dinq Lirenə qarşı ağ rəngli fiqurlarla mübarizə aparacaq. Nepomnyaşi püşkatmanın nəticəsinə belə reaksiya verib: “Ağlar pis deyil, amma qaralar da yaxşı olardı”.