Qazaxıstanın paytaxtı Astanada Şahmat Tacı uğrunda turnir davam edir. Sport24.az xəbər verir ki, yarışın 3-cü günündə Yan Nepomyaşi ilə Dinq Liren arasındakı görüşdə qalib müəyyənləşməyib.

Ağ fiqurlarla oynayan rusiyalı qrossmeyster debütdə kiçik üstünlük əldə etsə də, planlarını tam olaraq həyata keçirə bilməyib. Əvəzində çinli qrossmeyster inamla müdafiə olunub. Nəticədə tərəflər 30-cu gedişdə heç-heçəyə razılaşıb.

Görüşdən sonra Nepomnyaşi erkən heç-heçəni vəzir qambiti ilə əlaqələndirib. O, belə taktika ilə oynayarkən səhv edilmədiyi müddətdə partiyanı uzatmağın mənasız olduğunu söyləyib. İlk iki görüşdə psixoloji cəhətdən özünü narahat hiss edən Dinq Liren isə artıq bu problemi geridə qoyduğunu bildirib. Amma çinli şahmatçı bu partiyada rəqibinin belə taktikayla oynayacağını gözləmədiyini də sözlərinə əlavə edib.

Beləliklə, 3 oyundan sonra Nepomnyaşi 2:1 hesabıyla öndədi. Sabah şahmatçılar 4-cü dəfə masa arxasına əyləşəcək.