"Kubokun finalının qalibindən çox şey asılıdır. Çempionatdan avrokuboklara yollanacaq komandaların dəyişəcəyinə inanmıram". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri mayın 31-də keçiriləcək Azərbaycan Kubokunun finalında "Qarabağ" - "Sabah" matçında şansların bərabər olduğunu vurğulayıb:
"İnanıram "Qarabağ" bu mövsüm də bizi avrokuboklarda uğurla təmsil edəcək. Kubokun bir oyundan olmasını nəzərə alınmalıdır. "Sabah" qalib gələrək tarix yazmaq istəyir. Bizi maraqlı oyun gözləyir. Hər nə qədər Ağdam təmsilçisinin üstün tərəflərini qeyd etsək də bu finaldır. Buna görə hər iki klub öz gücünü tam ortaya qoyacaq. Masazır təmsilçisi öz gücünə güvənib final oyununa tam hazır olmalıdır. Məncə, şanslar bərabərdir. Bu matçda "Turan Tovuz"un avrokuboklara yollanması həll olunacaq. Ona görə də matç böyük maraq doğurur".
Qeyd edək ki, may ayının 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan Kubokunun final oyunu saat 19:00-da start götürəcək.