"2025-ci ildə təşkil olunacaq Azərbaycan çempionatı üçün müqavilə imzalayıb, turnirdə oynayacağımı təsadiqlədim". Sport24.az xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.
39 yaşlı qrossmeyster gələn il Azərbaycan çempionatına ölkənin bütün aparıcı zəka sahiblərinin qatılacağına ümid etdiyini deyib: "Çox maraqlı turnir bizi gözləyir. Ölkə şahmatını dəstəklədiyi üçün Azərbaycan Şahmat Federasiyası və rəhbəri Mahir Məmmədova təşəkkür edirəm. Ümid edirəm ki, ildən-ilə ölkə birinciliyinə dəstəyi artar. Bu ilin başlanğıcından söz vermişdim ki, ölkə birinciliyində oynayacam və 2025-ci ildə keçiriləcək turniri həyəcanla gözləyirəm. Bizim gənc və aparıcı şahmatçılarımızla oynayacağım üçün çox şadam".
Qeyd edək ki, 2025-ci ildə kişilər və qadınlar arasında Azərbaycan çempionatı 31 yanvar – 15 fevral tarixində keçiriləcək.