Aprelin 7-də Qazaxıstanın paytaxtı Astanada start götürəcək Şahmat Tacı uğrunda yarışa maraq böyükdü. Sport24.az xəbər verir ki, dünyanın aparıcı şahmatçıları və mütəxəssisləri həmin görüşlə bağlı proqnozlarını verir.
Təbii ki, indiki vəziyyətdə Maqnus Karlsenin “tac”dan imtina etməsindən sonra rusiyalı qrossmeyster Yan Nepomnyaşi əsas favorit kimi göstərilir. Amma çox yaxşı müdafiə olunmağı bacaran çinli şahmatçı Dinq Lireni məğlub etmək də asan iş deyil.
Karuana və Nepomnyaşiyə qədər Maqnus Karlsenlə oynamaq imkanı əldə edən, amma tay-brekdə uduzaraq dünya çempionu olmaq imkanını əldən qaçıran Sergey Karyakinin bu görüş haqda fikirləri ilə tanış olmaq maraqlı olardı. Hazırda Rusiya hakimiyyətini dəstəklədiyinə görə diskvalifikasiya olunan məşhur qrossmeyster bu qarşıdurma haqda proqnozlarını bölüşüb. O, hətta söhbət əsnasında Lirenə minnət də vurub: “İki bərabərsəviyyəli rəqibin partiyalarını izləyəcəyik. Bu artıq o dövr deyil ki, yalnız Karlsenin şanslarından danışasan. Çünki burda reytinqdə 2-3-cü pillərdə qərarlaşan şahmatçılar qarşılaşır. Bəli, Yan şəxsi görüşlərdə rəqibini üstələyir, amma bu, bizi aldatmamalıdı. Eləyə qalsa, Karlsenə qarşı tac uğrunda görüşə qədər də şəxsi görüşlərdə norveçlini üstəliyirdi. Amma Dubaydakı qarşıdurmada bunun bir faydası olmadı. Nepomnyaşi ilə Liren uşaqlıqdan bir-birinə qarşı oynayır və bir-birlərini də çox yaxşı tanıyırlar. Bir məqam da var ki, pandemiya dövründən bəri Liren çox turnirdə oynamır. Bu da onun formasına mənfi təsir göstərir. Ümimiyyətlə, pandemiya Çin şahmatını laxladıb. Liren bura diskvalifikasiya olmağımın hesabına gəlib çıxıb. Ona görə də hələ də ondan mənə “çox sağ ol” deməsini gözləyirəm”.