Dünya Şahmat Tacı uğrunda mübarizə davam edir. Sport24.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada Yan Nepomnyaşi ilə Dinq Liren arasında seriyanın 5-ci oyunu keçirilib.

İlk 4 görüşdə tərəflər hərəyə bir qələbə qazanmışdısa, iki görüş heç-heçə başa çatmışdı. Bir günlük istirahətdən sonra Nepomnyaşi 3-cü dəfə ağ fiqurlarla oynamaq imkanı əldə etmişdi. İkinci partiyada qara fiqurlarla qalib gələn rusiyalı qrossmeyster bu dəfə ağ fiqurlarla rəqibini çətin vəziyyətə salıb. Debüt və mittşpil bərabər mübarizə şəraitində keçsə də, çinli qrossmeyster 37-ci gedişdə səhvə yol verib. O, vəziri d7 xanasına qoymaq əvəzinə piyada ilə g5 xanasına gediş edib. Nəticədə Yan bundan yararlanmağı bacarıb və 48-ci gedişdə Lireni təslim olmağa vadar edib.

Görüşdən sonra Nepomnyaşi rəqibin yaxşı müdafiə olunmasına baxmayaraq pressinq sayəsində onu səhvə məcbur etdiyini söyləyib. Liren isə Yanın əla görüş keçirdiyini etiraf edib. Beləliklə də, 5 turdan sonra Nepomnyaşi yenidən hesabda önə keçib. Sabah şahmatçılar 6-cı görüşə çıxacaq.