Qazaxıstanın paytaxtı Astanada Şahmat Tacı uğrunda turnir davam edir. Sport24.az xəbər verir ki, yarışın ilk günündə rusiyalı qrossmeyster Yan Nepomnyaşi ilə çinli qrossmeyster 49-cu görüşdə heç-heçəyə razılaşmışdısa, bu dəfəki görüş daha tez başa çatıb.
Liren ağ fiqurlarla oynasa da, 17-ci gedişdə fili d3 xanasına çəkərək kobud səhvə yol verib. Nəticədə bundan yararlanan Nepomnyaşi rəqibini 29-cu gedişdə təslim olmağa vadar edib.
Beləliklə, iki il bundan əvvəl Dubayda Maqnus Karlsenlə tac uğrunda yarışda rəqibini heç nə ilə təəcübləndirə bilməyən rusiyalı qrossmeyster nəhayət ki, 13 oyunluq qələbəsizlik sindroma son qoyub. Bu həm də 2016-cı ildən bəri bu turnirdə rusiyalı şahmatçıların ilk qələbəsi kimi tarixə düşüb. Sonuncu dəfə 7 il əvvəl Sergey Karyakin Maqnus Karlsenlə görüşdə qalib gəlmişdi. Maraqlıdır ki, noyabrın 21-də keçirilən həmin görüşdə də rusiyalı qrossmeyster qara fiqurlarla uğur qazanmışdı. Bu görüşdən sonra Liren çox bərbad oynadığını və məğlubiyyətə heç bir izah verə bilmədiyini söyləyib. Nepomnyaşi isə fiqurlarını mərkəzə cəmləməyin bəhrəsini gördüyünü bildirib.
Onu da bildirək ki, bu görüşdən sonra Nepomnyaşi seriyada 1,5:0,5 hesabıyla öndədi. Sabah yarış iştirakçılarına istirahət veriləcək.