Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Şahmat Tacı uğrunda yarışda üz-üzə gələcək Yan Nepomnyaşi ilə Dinq Lirenin şanslarından danışıb. Sport24.az xəbər ki, o, Çin qrossmeysteriilə müqayisədə rusiyalının daha təcrübəli olduğunu xüsusi şəkildə qabardıb: “Reytinqdə ikinci və üçüncü sırada qərarlaşan şahmatçılar üz-üzə gələcək.Onların gücləri demək olar ki, bərabərdi. Təbii ki, Nepomnyaşi daha təcrübəli şahmatçıdı. Liren bu mənada axsayır. Şəxsi görüşlərə baxanda da, Nepomnyaşi daha üstün görünür. Amma Lirenin çətin vəziyyətlərdə inadkarlığını da unutmayaq. O, çox güclü şahmatçıdı və demək olar ki, nadir hallarda uduzur”.
Xatırladaq ki, Nepomnyaşi ilə Liren arasında Şahmat Tacı uğrunda görüşlər aprelin 7-dən mayın 1-nə qədər Qazaxıstanda keçiriləcək. FİDE hazırkı çempion Maqnus Karlsenin titulunu qorumaqdan imtina etməsinə görə İddiaçılar turnirinin qalibi olan Nepomnyaşi ilə 2-ci yerin sahibi Dinq Lireni qarşılaşdırmaq qərarına gəlib.