Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək "Çempionların savaşı" adlı turnirin heyətində dəyişiklik olub. Sport24.az xəbər verir ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini açıqlayıb.

 

Bununla əlaqədar Azərbaycan Şahmat Federasiyasına müraciət edən Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini bildirib.

 

Qeyd edək, aprelin 28-30-da Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanovla qarşılaşacaq. Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. "Çempionlar savaşı"nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.