Batumidə (Gürcüstan) keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında Azərbaycanın kişi yığması liderləri izləməyə davam edir, xanımlarımız isə cari yarışda ilk dəfə məğlub olub. Sport24.az xəbər verir ki, qitə birinciliyində dördüncü turun oyunları başa çatıb.
Kişilərdən ibarət yığmamız Niderlandla üz-üzə gəlib. Bütün partiyalar heç-heçə başa çatıb və matç 2:2 hesabı ilə yekunlaşıb. Dörüd turdan sonra yığmamızın aktivində altı xal var və 3–9-cu yerləri bölüşür. Lakin əlavə göstəricilərə əsasən, komandamız beşinci pillədə qərarlaşıb.
Turnir cədvəlinə isə səkkiz xalı toplayan Serbiya millisi başçılıq edir. Onlardan bir xal geri qalan Ukrayna ikinci yerdə qərarlaşıb.
Beşinci turda kişi şahmatçılarımız Yunanıstan yığması ilə qarşılaşacaq. Komandamızın heyətində dəyişiklik olacaq. İki turu buraxmış Rauf Məmmədov Eltaç Səfərlini əvəzləyəcək.
Qadınlardan ibarət Azərbaycan millisi isə ilk məğlubiyyətini alıb. Komandamız Almaniyaya 1,5:2,5 hesabı ilə uduzub. Yeganə məğlubiyyəti Gülnar Məmmədova yaşayıb, digər partiyalar isə heç-heçə başa çatıb.
Şahmatçı qadınlarımız dördüncü yerdən yeddinci pilləyə eniblər. Onların aktivində beş xal var. Turnir cədvəlinə səkkiz xal toplayan Polşa və Almaniya yığmaları başçılıq edir.