Batumidə (Gürcüstan) keçirilən Avropa çempionatında kişi şahmatçılardan ibarət Azərbaycan millisi ikinci pilləyə yüksəlib. Sport24.az xəbər verir ki, komandamız VII turda Macarıstana qalib gəlib. 

 

Qarşılaşma millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Aktivində 11 xal olan yığmamız 11 xalla ikincidir. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərlidən ibarət kollektiv daha əvvəl Slovakiya (3:1), Polşa (2.5:1.5) və Ermənistanı (2.5:1.5) məğlub edib, Çexiya (2:2), Niderland (2:2) və Yunanıstanla (2:2) bərabərə qalıb.

 

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevanın heyətində yer aldığı qadınlardan ibarət komanda isə meydan sahiblərinə uduzub - 1,5:2.5.  Millimiz daha əvvəl Sloveniya (4:0), Macarıstan (2.5:1.5) və Ermənistana (3:1) qalib gəlib. Fransa və Yunanıstanla (hər ikisi 2:2) heç-heçə edən kollektiv Almaniyaya məğlub olub - 1.5:2.5. Qadın millimiz hazırda 8 xalla 10-cu pillədə qərarlaşıb.

 

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.