Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadiy Dvorkoviç Yan Nepomnyaşi ilə Dinq Liren arasında Şahmat Tacı uğrunda keçirilən görüşün məhsuldar alınması ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 9 oyunda cəmi 4 heç-heçənin qeydə alınmasını FİDE başqanı klassik şahmatın dirilməsi ilə əlaqələndirib: “Bu qarşılaşma artıq tarixə düşüb. Tarixin ən məhsuldar duellərindən birini izləyirik. Bilirik, tarix ərzində Botvinnikin görüşləri və ya Fişerlə Spasski arasında “tac” uğrunda qarşılaşmalarda da məhsuldarlıq qeydə alınıb. Amma burdakı ssenari tam fərqlidi. Son illər internet üzərində sürətli şahmat populyarlıq qazanmışdı. Artıq klassik şahmat öz əvvəlki əzəmətini geri qaytarır. Təbii ki, burda Astanada üz-üzə gələn qrossmeysterlərin böyük əməyi var”.