Dünya Şahmat Tacı uğrunda turnirdə 9-cu görüş geridə qalıb. Sport24.az xəbər verir ki, 8-ci partiyada heç-heçəyə razılaşan Yan Nepomnyaşi ilə Dinq Liren bu dəfə də sülhə razılaşıb.

Amma bu partiyaya qədər 60 gedişdən artıq çəkməyən görüşlərdən fərqli bu dəfə rusiyalı və çinli qrossmeysterlər lövhə arxasında çox vaxt keçirməli olub. Nepomnyaşi ağ fiqurlarla oynasa da, 6 saat davam edən görüşdə rəqibi üzərində böyük üstünlük qura bilməyib.

Hərçənd, 17-ci gedişdə Lirenin səhvindən sonra Nepomnyaşi qələbə qazanmaq üçün cüzi imkan əldə edib. Amma 29-cu gedişə qədər Liren vəziyyəti bərabərləşdirə bilib. Nəhayət, 82-ci gedişdə şahmatçılar heç-heçəyə razılaşıb. Beləliklə, 9 oyundan sonra Nepomnyaşi seriyada üstünlüyünü davam etdirib – 5:4.

Oyundan sonra Nepomnyaşi rəqibi məğlub etmək üçün lazım olan qərarı qəbul edə bilmədiyini söyləyib. Liren isə müəyyən anlarda məğlubiyyətlə üz-üzə qalmaq təhlükəsi ilə üzləşdiyini etiraf edib.

Sabah şahmatçılara istirahət veriləcək.