Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını davam etdirir. Budəfəki yazı "Yüksək Liqa yüksəlişdə: mətbuat xidmətinin yaradılması, “CBC Sport”un çempionat oyunlarını yayımlaması və digər aspektlər futzalın inkişafına nə kimi təkanlar verdi?" mövzusundadı.

 

Yenə 7 komanda ilə 

Futzal üzrə ölkə çempionatının Yüksək Liqası yenə 7 komandanın iştirakı ilə start götürdü. Bu komandalardan beşi - “Araz”, EKOL, “Neftçi”, “Yasamal”, “Xəmsə” - ötən mövsümün iştirakçısı, qalan iki komanda  - “FK.İD.Futsal” və “Marafon Futsal” - isə debütantdı. Oyunlara sentyabrın 30-da start verildi. Bu dəfə də çempionat üçün əsas zal funksiyasını Bakı İdman Sarayı yerinə yetirir. Bu idman qurğusunda başqa tədbirlər planlaşdırılan zaman oyunlar "ABU Arena"da və ya "Olimpik Star"da keçirilir.

 

Sentyabrın 27-də keçirilən püşkatma mərasimi ilk turda üz-üzə gələcək komandaları müəyyənləşdirdi. Püşkatma daha bir xəbərin açıqlanması, daha doğrusu, təyinatın reallaşması ilə yadda qaldı. Belə ki, püşkatmaya təşrif buyuran media nümayəndələrini ətrafına toplayan futsal federasiyasının baş katibi Mahmud Sadıqov artıq federasiyada mətbuat xidmətinin yaradıldığını elan etdi.

 

İlk dəfə 

Əslində, federasiya 1994-cü ildə təsis edilsə də, indiyə qədər qurumda bu funksiyanı yerinə yetirən şöbə yox idi. Bu da haqlı olaraq narazılığa səbəb olurdu. Çünki federasiyanın gördüyü işlərlə, çempionat oyunlarının nəticələri ilə bağlı ciddi informasiya boşluğu yaranmışdı. Mətbuat bu məlumatları federasiyadan kimdən əldə edəcəyini bəzən ayırd edə bilmirdi. Düzdü, baş katib Mahmud Sadıqov hər zəngdə medianın köməyinə çatırdı. Ancaq ayrıca şöbənin yaradılması təbliğat baxımından zəruri idi.

 

Vakant posta təyinat üçün axtarışa ehtiyac olmadı. Son 5-6 ildə milli ilə bağlı bu vəzifəni qeyri-rəsmi şəkildə icra edən Mahal Məmmədov federasiyanın mətbuat katibi təyin edildi. Yeni şöbənin gördüyü və görəcəyi işlərlə bağlı tribunanı M.Məmmədova verdik: “Ondan başlayaq ki, son 5-6 ildə millinin Avropa, eləcə də dünya çempionatının final mərhələsinin oyunları zamanı komanda ilə birgə səfərlərdə olur, qeyri-rəsmi şəkildə də olsa mətbuatla əlaqələndirici funksiyasını yerinə yetirirdim. Təsəvvür edin, hər oyundan sonra həm öz, həm də rəqib baş məşqçinin fikirlərini, oyundan fotoreportajı və lazımi xəbərləri AFFA-nın rəsmi saytı üçün hazırladıqdan sonra Bakıdan gələn “sifarişlər”i yerinə yetirirdim. Elə olurdu oyundan sonra saytlar üçün 7-8 müsahibə alıb, göndərirdim. Bundan başqa, futzalla bağlı Bakıda keçirilən oyunların təşkilati işlərində də yaxından iştirak edirdim. Boş vaxtım olanda isə çempionat oyunlarını izləməyə çalışırdım. Bu işləri görə-görə futzalın üzvünə çevrildim və sonda təyinat reallaşdı. Düzdü, milli komanda ilə, eləcə də “Araz”ın beynəlxalq oyunlarıyla bağlı AFFA-nın rəsmi saytında mütəmadi məlumatlar, oyunsonrası məşqçi fikirləri və fotoreportajlar yerləşdirilir. Amma son illərdə qazanılan uğurlara baxmayaraq, təbliğat işlərinin istənilən səviyyədə olmaması, eləcə də mediada federasiya ilə mətbuat arasında aidiyyatı əlaqələndirici şəxsin olmaması təyinatı reallaşdırdı. Buna qədər bu işləri baş katib Mahmud Sadıqov təkbaşına görürdü.Təbii ki, məlum təyinatdan sonra bu boşluğu aradan qaldırmağa çalışdıq”.

 

Sevdiyin işlə məğul olmaq məsuliyyətlə yanaşı, insanın həvəsini birə-beş artırır deyən qurumun yeni üzvü təyinatından sonra bu sahədə gördüyü işlər haqda da danışıb: “İlk işimiz informasiyanı mətbuata ötürmək üçün istifadə edəcəyimiz vasitəni müəyyənləşdirmək oldu. Bildiyiniz kimi, federasiyanın nə rəsmi saytı, nə də sosial şəbəkədə hansısa səhifəsi vardı. Buna görə də bütün məlumatları federasiyanın rəsmi "Facebook" səhifəsi vasitəsi ilə bölüşmək qısa vaxt ərzində bizim üçün ən məqbul variant oldu. Saytlar və TV-lərin, ayrıca, indiyə qədər futzalı gündəmdə saxlayan, mümkün qədər geniş işıqlandırmağa çalışan "Futbol+" qəzetinin bu işdə bundan sonra da bizə yardımçı olacağına inanırdıq və arxada qalan 5 aylıq müddətdə bunun əyani şahidi olduq. Çünki futzalın təbliği vacibdi. Azərbaycanda bu idman oyununun zəngin tarixi var. Üstəlik, sevilir. Bu gün ölkənin dörd bir yanında qurulan süni meydançalarda elə futzal oynayırlar”.

Bir müddət əvvələ qədər saytların xəbər lentlərində futzalla bağlı ancaq qitəmiqyaslı yarışlar zamanı xəbərlərə rast gəlmək mümkün idi. İndi vəziyyətin yaxşılığa doğru dəyişdiyini qeyd edən M.Məmmədov fikrini bu şəkildə əsaslandırdı: “Ancaq millinin rəsmi oyunları zamanı və “Araz”ın UEFA Kuboku matçları zamanı futzal prioritet olurdu. Halbuki, millinin bu uğuru diqqətləri çempionat oyunlarına da yönəltməliydi. Qismən də olsa, buna nail olduq. Artıq Yüksək Liqanın oyunlarının təqvimi, təyinatları, eləcə də nəticələri və turnir cədvəli ilə bağlı xəbərlər paylaşılır .Ayrıca, "Facebook" səhifəsində hər turdan hazırlanmış fotoreportajlar yerləşdirilir, açıqlama və ya müsahibələr oxuculara təqdim edilir. Əksər hallarda müsahibələr və vacib xəbərlər saytların xəbər lentlərində də yerləşdirilir. Təbii ki, bu işdə bizə dəstək olan, yardımını əsirgəməyən həmkarlarıma təşəkkür edirəm”.

 

Futzal yenidən “mavi ekran”da

Təbii ki, qarşıda duran əsas məsələlərdən biri, bəlkə də birincisi futzalı yenidən “mavi ekran”a qaytarmaq idi. Bunun üçünsə ölkədə fəaliyyət göstərən iki idman kanalından biri ilə danışıqlara start vermək gərəkirdi. İlk çağırış "CBC Sport"dan gəldi.2015-ci ildən fəaliyyət göstərən telekanal rəhbərliyi oyunların mümkün yayımının müzakirəsinə başladı. Çox çəkmədi ki, federasiya ilə kanal rəhbərliyi ortaq məxrəcə gəldilər. Hər turun mərkəzi oyununun ekranlara daşınması üçün müəyyən dəyişikliklərə ehtiyac var idi ki, federasiya da bunu həll etdi. Əsas tələblərdən biri oyunların həftəsonu deyil, həftəiçi günlərdən birində keçirilməsiylə bağlıydı. Çünki "CBC Sport" Premyer Liqanın oyunlarının yayım hüququna sahibdi ki, belədə matçları yayımlamağa məcburdu, öhdəliyi var. Bu üzdən futzal matçlarının həftəsonu keçiriləcəyi təqdirdə “mavi ektran”lara daşınması sadəcə mümkünsüz idi. Həm texniki avadanlıqların məhdud sayda olması, həm də efirdə boş vaxtın olmaması bu addımı atmağa vadar etdi.

 

Digər tələb canlı yayımlanacaq oyunun Bakı İdman Sarayında keçirilməsi ilə bağlıydı. Bu arenada həm çəkiliş avadanlıqlarının quraşdırılması, həm də peykə çıxış üçün əlverişli şərait var. Beləliklə, uzun fasilədən sonra ölkə çempionatından canlı yayım oktyabrın 7-də, II tur çərçivəsində keçirilən “Yasamal” FK- “Araz” oyunundan təşkil edildi. Ümumiyyətlə, qış fasiləsinə qədər keçirilən 14 turdan 10 matç canlı yayımlandı. Digər 4 turdan isə videoicmal hazırlanıb, tamaşaçılara lazımi informasiya çatdırılıb. Ümumiyyətlə, Yüksək Liqa oyunlarının ekrana daşınmasında "CBC Sport" kanalının əməyi böyükdü. Bu tendensiya qış fasiləsindən sonra da davam etdirilir. Belə ki, fasilədən sonra keçirilən XV turun mərkəzi duelini də azarkeşlər efirdən izləyiblər. 

 

Yüksək Liqanın yüksəlişində "CBC Sport" izi

Cari mövsümdən ölkə çempionatının oyunlarını yayımlayan "CBC Sport" matçların şərhini təcrübəli jurnalist Rövşən Binnətliyə tapşırıb. İlk gündən yarışı diqqətlə izləyən həmkarımız söhbətə futzalın ölkəmizlə bağlılığından başlayıb: “Futzal adlandırdığımız bu idman növü Azərbaycan üçün yad deyil. Əksin, başqa ölkələrlə müqayisədə bizim üçün daha doğmadı. Bu idman növünün əsası Bakıda, yaşayış massivlərindəki meydançalarda qoyulub. Oyunlara marağ o qədər böyük olub ki, hətta “Molodyoja Azərbaycan” qəzeti turnir təşkil edib. 1960-cı illərin sonu, 70-ci illərin əvvəlində mərkəzi mətbuat adlandırdığımız Moskva mediasının bir çoxu öz səhifəsində Bakıda belə bir oyunun keçirildiyini tirajlamış, onu meydançanın ölçüsünə görə, hokkeylə müqayisəli şəkildə təqdim etmişdilər. Hətta bu oyunu “Bakı hokkeyi” adlandırmışdılar. Daha sonra mini-futbol adı ilə məhşurlaşan idman oyunu indi futzal adlandırılır. Təbii ki, futzal püxtələşməsində müəyyən qədər rolu, əməyi olan ölkəmizə çox doğma idman növüdü. Pafoslu alınsa da, bu gün Azərbaycan idmanını futzalsız təsəvvür etmək çətindi”.

 

Oyunlarının yayımından söz açan R. Binnətli ötən illərdən də missalar gətirdi: “İstənilən yarışın, turnirin populyarlıq qazanmasında medianın rolu böyükdü. Bura həm TV-lər, həm də yazılı və internet mediası daxildi. Təbii ki, müqayisə aparsaq, televiziyaların rolu bir qədər üstünlük təşkil edir. Çünki “mavi ekran”ın nüfuz dairəsi, auditoriyası genişdi. Oyunların təbliğatı baxımından televiziyaların üzərinə böyük yük düşür. Yadımdadı, 1990-cı illərin əvvəllərində Novruz bayaramı ərəfəsində Bakıda beynəlxalq turniri keçirilirdi. Ölkəmizdə siyası, iqtisadi vəziyyət gərgin olsa da, Qarabağda gedən döyüşlərin ağırlığını hər kəs hiss etsə də, turnirə maraq böyük idi. Rusiya, Türkiyə, Gürcüstan, İran kimi ölkələrin komandaları qatılırdı həmin yarışa. Gün ərzində 2-3 oyun keçirilirdi. Etiraf edim ki, zalda boş yer tapılmırdı. Bu da bizim bu idman oyununa ruhən bağlılığımızı göstərirdi. İndi ölkə çempionatının, milli komandanın oyunlarının yayımı çox vacibdi. Müqayisə etsək, əlbəttə, millinin qarşılaşmalarına daha çox azarkeş gəlir. Ancaq buna futzala marağın azaldığı kimi yanaşmaq düzgün deyil. Çünki Premyer Liqanın oyunlarında da analoji problem yaşanır. Buna azarkeşlərin ölkədaxili yarışları ikinci plana keçirməsi kimi baxmaq olar. Futzalda müəyyən müddət intriqanın azlığı, komandalar arasında rəqabətin olmaması təsirini göstərən məqamlardandı. Ancaq cari mövsüm bir qədər fərqlidi. Münasibətin dəyişilməsinə doğru ilk addımların atıldığı hiss olunur. Düzdü, vəziyyət hələ tam istənilən səviyyədə deyil. "CBC Sport" olaraq çalışırıq ki, turun mərkəzi oyununu yayımlayaq. Həmin oyunlarda azarkeş sayı 100-150 civarında olur. Təbii ki, komandalar arasında rəqabət artdıqca, avrokuboklarda nəticələr yaxşılaşdırıldıqca ölkə çempionatının oyunlarına da münasibət dəyişəcək. Sevindirici məqamlardan biri aşağı liqalarda iştirak edən komandaların sayının çox olmasıdı. Növbəti mövsümdə Yüksək Liqada iştirakçıların sayının artacağı gözlənilir. Üstəlik, UEFA kuboku adlanan turnir yeni mövsümdən Çempionlar Liqası olacaq”.

Təmsil etdiyi telekanalın futzalı daim diqqət  mərkəzində saxladığını vurğulayan təcrübəli jurnalist millimizin iştirakçısı olduğu son iki Avropa çempionatının yayım hüququna "CBC Sport"un sahib olduğunu və bunun müsbət tərəflərini qeyd edib: “Millimizin iştirakı ilə keçirilən oyunlar öz yerində, digər oyunlara baxış sayı da normal olub. Bu isə marağın artdığını göstərir. Türkiyədə basketbolu, voleybolu qaldırmaq üçün məşhur futbol klublarının nəzdində komandalar yaradıldı. Futboldakı gərgin mübarizəni, rəqabəti bu idman oyunlarına da daşıdılar. Bu təcrübədən biz də istifadə etməliyik. Köklü və iddialı klublarımızdan olan “Qarabağ”, “Neftçi” “Qəbələ”nin eyniadlı futzal komandaları yaradılsa, həmin azarkeş qrupu da zallara axın edəcək, maraq artacaq. Bir də idman kompleksi tələblərə cavab verir bölgələrdə futzal komandasının yaradılması məqsədəuyğun olardı. Təcrübə göstərir ki, bölgələrdə keçirilən idman oyunlarına azarkeşlər daha çox maraq göstərir. Məsələn, Bakıda keçirilən voleybol yarışına maraq gözlənilən qədər olmur, amma Qubadakı oyunlarda ajiotaj yaranır. Lap turları müxtəlif bölgələrdə keçirmək mümküdür. Məsələn, bir dəfə Lənkəranda, digər turu Gəncədə keçirmək və oyunları yayımlamaq böyük effekt verəcək. Yollar çoxdu, yeni dönəmin başlanğıcındayıq. Sadalananların bir qismi mərhələli şəkildə həyata keçirilsə, futzal üzrə ölkə çempionatını yaxın gələcəkdə idman ictimaiyyətinin maraq dairəsində olan bir yarış səviyyəsinə çatdırmaq olar”.

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib