Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal: mövcud durum və perspektiv üfüqləri” istiqamətində “Azərbaycan futzalı: Kölgəyə çəkilən “kiçik qardaş” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı “Azərbaycan futzal yığmasının perspektivləri: nəsillər arasında yaranmış vakuum, çıxış yollarının tapılması” mövzusundadı.

Milli komanda – istənilən idman növündə aynadı. Təbii ki, futzal da istisna təşkil etmir. Ancaq futzalımızın aynası olduqca eybəcərdi. Yerli idmançıları məhvə sürükləyən başlıca faktor milli komandaya əcnəbilərin doldurulmasıdı. Azərbaycan bu baxımdan dünya lideridi. Braziliyalıların gəlir məskəninə çevrilmiş futzal yığmamızda ara-sıra yerli uşaqlar meydançada görünsə də, uzun illərdi ki, “musiqini cənubi amerikalılar sifariş verir”. Bu da futzala olan marağı öldürür.

Niyə?

Valideyn övladının sağlam, eyni zamanda idman sahəsində inkişaf etməsini arzulayır. Hər bir vətənpərvər idmançının ən böyük arzusu milli komanda səviyyəsində oynamaqdır. Nəzərə alsaq ki, yerlərin 70 faizi braziliyalılar tərəfindən bronlaşdırılıb, futzala hansı ağlı başında olan valideyn övladını verər?

Problemin kökünə varanda daha acınacaqlı mənzərənin şahidi oluruq. Məsələn, Azərbaycanda futbol, xokkey, basketbol kimi idman növləri heç vaxt yüksək səviyyədə olmayıbsa, futzal daim adından söz etdirib. Rüfət Hüseynov çərçivədə yer alanda, rəqibləri əsməcə tutardı: “Qapıya necə yol tapacağıq”. İlqar Aslanovun müdafiə olunmaq bacarığından əfsanələr gəzir. Mahir Eyniyevin universallığı, Ağatahir Əzimovun qoleadorluğu, Zaur Ramazanovun fırtına sürəti ilə keçidləri, Rəcəb Fərəczadə və Vitali Borisovun driblinqləri... Qırıldı. Bax, bu, nəsillər arasında qırılma nöqtəsidi.

 

Nə baş verdi?

Biri “Qalatasaray” Futbol Məktəbi açır, biri “Beşiktaş”. Nə qəşəng! Bəs, “futbol” deyərkən ağla ilk olaraq nə gəlir? Meydançanın ölçüləri. O, “Qalatasaray” məktəbi adlandırılan pulqoparma məntəqəsi var ha, orda hansı məşqçilər çalışır? Hansı proqram üzrə uşaq hazırlayırlar? Neçə yetirmələri böyük futbolda sözünü deyib? Və ən başlıcası, mini-futbol ölçülərində keçirilən məşqə hansı münasibətlə “futbol kostyumu” geyindirilir?

Demək ki, “Qalatasaray” adı altında gizlənən həmin məktəb əslində mini-futbol kurslarıdı. Və dərhal “mini-futbol” ifadəsini daha yaxın “futzal” sözü ilə əvəzləyirik. Nə yaranır? Nə vaxtdan Türkiyə futzalı dünya öncülü olub, brend sayılıb, adından söz etdirib? Aydın məsələdir ki, elə həmin “kitayski” futbol məktəblərinin yaradıcıları da gözəl başa düşürlər ki, əsl adları ilə çıxış etsələr, biznesləri ölər. Ancaq biz Azərbaycan futzalının çiçəklənməsindən danışırıq, hansısa işbazların ticarət mərkəzinə çevirdikləri mini-futbol meydançalarında yeniyetmə həmvətənlərimizi şikəst etməklərini təbliğ etmirik. Özü də bu cür “qutular”da minlərlə azərbaycanlı balaları məşq edir. Heç bir proqramsız, heç bir inkişafsız, heç bir məqsədsiz.

 

Bu cür rüsvayçı futbol məktəblərinin yaranmasının və fəaliyyət göstərməsinin günahkarı kimdi? 

Nə qədər paradoksal səslənsə də, başlıca günahkar Azərbaycan Futzal Federasiyasıdı. İndi səbəblərini açıqlayarıq. Yuxarıda sübuta yetirdik ki, 40X20-yə olan ölçülü meydançalarda futbol deyil, mini-futbol məşqləri keçirilir. Həmin məktəblər rəsmən mini-futbol (futzal) hazırlıqları keçmələrini bəyan etməlidirlər. Bundan sonra Azərbaycan Futzal Federasiyasına müraciət etməlidirlər və müvafiq lisenziya almalıdırlar. Bu lisenziyanın da 3 mütləq şərti olmalıdı:

1. Məşqçilər uşaqlarla məşğul olmaq üçün xüsusi kurslar keçməli və sonda imtahan verib müvafiq lisenziya almalıdırlar

2. Məktəbi açan “qalatasaray”lar Azərbaycan Futzal Federasiyasının icazəsini almalı və buna görə aylıq lisenziya haqqı ödəməlidirlər

3. Məşq proqramları Azərbaycan Futzal Federasiyasına təqdim edilməli və təsdiq olunduqdan sonra həyata keçirilə bilər

Göründüyü kimi, bu yolla qısa zaman kəsiyində futzalla məşğul olan uşaqların sayı nəzərəçarpacaq dərəcədə dəyişəcək, onlar hansı idman növü ilə məşğul olduqlarını biləcək, kimin patronajı altında bunu həyata keçirdiklərindən xəbərdar olacaqlar. Eyni zamanda, Azərbaycan Futzal Federasiyasının büdcəsi nəzərəçarpacaq dərəcədə zənginləşəcək. Əvəzində xüsusi komissiya yaradılmalı və lisenziya verilən məktəblər mütamadi olaraq təftiş edilməlidi. Amma bir şərtlə: həmin komissiyada ölkədə fəaliyyət göstərən idman mətbuatının minimum bir nümayəndəsi olsun. Bu, edilməsə, Azərbaycanda ən populyar misal olan “əl əli yuyar, əl də üzü” daha da inkişaf edəcək.

 

Bəs, gələn vəsait hansı istiqamətə yönəldilməlidi?

Bu sualın cavabını axtarmamışdan, Futzal Federasiyasının yuxarıda qeyd etdiyimiz mənbələrdən əldə ediləcək təqribi gəlirini hesablayaq. Ancaq paytaxtda 50-yə yaxın mini-futbol məktəbi fəaliyyət göstərir. Hər biri ayda 200 manat lisenziya haqqı ödəsə, bu, 10 min manat edir. Üstəlik qeyd etdiyimiz kimi məşqçi kurslarından əldə edilən gəlir. Deyək ki, həmin kurslara görə əldə edilən vəsait yoxlanış üçün nəzərdə tutulan qrupun məvaciblərinə yönəldiləcək. Ancaq ortada toxunulmayan 10 min manat var.

Bax, bu vəsait bir Futzal Akademiyasının saxlanılması üçün yetərlidi.  Bu rəqəmi əldə etmək üçün bir neçə mütəxəssisə müraciət etdik ki, onlar da ayda 7-11 manat aralığında vəsaitlə yüksək səviyyəli Akademiyanın saxlanılmasını mümkün hesab etdilər. Bura məşqçilərin məvacibi, zalın icarə haqqı, futzalçıların ekipirovkası və toplar, su və müxtəlif şirniyyat və meyvələr daxildi. Bu məbləğ 50 uşağın məşq etməsi üçün nəzərdə tutulub.

Göründüyü kimi, Akademiyanın xərci rahatlıqla Federasiya tərəfindən qarşılanır. Ancaq ortaya daha bir neçə sual çıxır:

1. Akademiyaya gəlmək istəyən olacaqmı?

2. Akademiyanın digər məktəblərdən müsbət fərqi nədən ibarət olacaq?

İlk növbədə Akademiyanı tanıtmaq, keyfiyyətli şəkildə təbliğ etmək lazımdı. Bunun üçün ilk növbədə AFFA-nın patronajı altında olan “CBC Sport” telekanalını işə cəlb etmək lazımdı. Sözügedən telekanalın əməkdaşlarının bacarığı göz qabağıbndadı. Deməli, bu işin öhdəsindən də layiqincə gələcəklər.

Daha sonra sanballı seleksiya xarakterli seçimlər etməyə zərurət var. Akademiyaya cəlb olunacaq uşaqlar həqiqətən ən istedadlılar olmalıdı. “Bibinəvəsi”, “dostumun oğlu” və bu tip seçimlər olsa, neft qurtaranadək bayrağımızı braziliyalılar təmsil edəcək. Akademiyaya seçilənlər üçün simvolik ödəniş də tərtib etmək məqsədəuyğun olar. Özü də bu vəsaitin hansı istiqamətə yönəldiləcəyini bildirmək şərti ilə. Məsələn, aylıq 20 manat. Bu da ayda 1000 manat pul edir.

 

Sözügedən üzvlükhaqqını hansı istiqamətə xərcləmək daha düzgün olardı?

İldə 12 min manat yığılır ki, bu məbləğ 2 beynəlxalq turnirdə iştirak üçün  yetərlidi. Hər səfərdə 1 məşqçi və 12 futzalçı iştirak edəcək ki, bu da 24 azərbaycanlı balasının ildə bir beynəlxalq turnirdə iştirakının təmin edilməsidi. Məlum məsələdir ki, məhz bu göstəricidə azərbaycanlı futzalçılar daim axsayıblar. Akademiyanın nəzdində fəaliyyət göstərən qrupların sayı ilbəil artacaq ki, bu da öz növbəsində bir neçə ildən sonra aşağı yaş qrupları arasında çempionatın təşkilinə rəvac verəcək. Belədə, azyaşlı futzalçılar mövsüm ərzində 20-dən artıq rəsmi oyuna çıxacaq və belədə, usta futzalçılar 28-30 yaşında deyil, 18-20 yaşda milli komanda səviyyəsinə yüksələ biləcəklər. Təqdim etdiyimiz layihədə bu detal da nəzərə alınıb. Başqa sözlə, 6-7 ildən sonra Akademiya yerli futzalçı konveyerinə çevriləcək. Belədə, okeanın o tayına boylanmağa zərurət qalmayacaq. Addım-addım yeni nəslin uşaqları ortaya çıxdıqca, bu cür Akademiyaların sayını artırmaq, bölgələrə də daşımaq mümkündü.

CEYHUN ƏLIYEV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib