"Mövsüm bizim üçün ürəkaçan olmadı. Biz də komandanın daha yuxarı pillələrdə olmasını, avrokuboklara vəsiqə qazanmalarını istəyirdik". Bu sözləri Sport24.az saytına açıqlamasında "Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev deyib.

Yarımmüdafiəçi geridə qalan 2022/2023 mövsümü ilə bağlı fikirlərini bildirib: "Mövsümü daha yaxşı nəticə ilə başa vurmaq istəyirdik. Amma mövsümün əvvəlində pis start götürdük. Toparlanıb vəziyyətdən çıxmaq istədik. Artıq ikinci dövrədə komandanın çempionatda qalması üçün vuruşmalı olduğunu başa düşdük. Nəticədə çempionatda qala bildik. Amma daha yaxşı yerlərdə olmaq istəyərdik. Düzdür, sonuncu pillədə olmadıq. Amma yaxşı nəticələr üçün çıxış edə bilərdik".