Misli Premyer Liqasının VI turunda səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzan "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə görüş haqqında təəssüratlarını bölüşdü:
– Rəqibi qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik və qapımızda penalti qolları gördük. Hesabı bərabərləşdirsək də, yenidən səhv edib uduzduq.
– Qapınıza təyin olunan iki penalti qərarı ilə razısınız?
– Birinci penalti epizodu bir az mübahisəli idi. Hakim qərar verdikdən sonra VAR-a çağırıldı və epizoda uzun müddət baxıldı. Qapıçımız birinci topu çıxarmışdı, görünür, ikinci təmasın olub-olmamasına baxırdılar. Lakin ikinci epizoddakı penalti qərarı doğru idi.
– Ağadadaş Salyanskinin ardıcıl üçüncü matçda qol vurmasını necə dəyərləndirirsiniz?
– Əlbəttə, o, istər ehtiyatda olanda, istərsə də məşqlərdə həmişə çalışırdı. "Qarabağ"la oyundan sonra əsas heyətə düşdü və ardıcıl qollar vurmağa başladı. Təəssüf ki, bu oyunda ikinci qolu da vura bilərdi, zərbəsi dirəkdən döndü. Komanda uduzsa da, onun hər matç fərqlənməsi sevindirici haldır.
– Milli fasiləyə qədərki dövrü uğursuz saymaq olar. İki həftəlik fasilədə əsasən nəyin üzərində işləyəcəksiniz?
– Müdafiədə kobud səhvlərimiz olur, maksimum bu xətaların üzərində işləməliyik. Eyni zamanda hücumda yaranan imkanlardan daha səmərəli istifadə etməliyik. Fasilə dövründə də çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq.