"İdmançılarımıza inamımız böyükdür. Bu komanda artıq bir neçə dəfə U-23 yarışlarına qatılıb". Bu sözləri Sport24.az-a açıqlamasında 23 yaşadək qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçi əvəzi Rövşən Umudov deyib.

Umudov komanda üzvlərinin qitə turnirində medal qazanacaqlarına inandığını bildirib: "Bu idmançıların hamısının nailiyyətləri olub. Sadəcə, dünya birinciliyində bir az zəif çıxış etmişdik. Bütün idmançılarımızdan medal gözləyirik. Amma bu idmandır. Hər şey döşək üzərində həll olunur. Yaxşı komandamız var" 

Umudovun fikrincə, 57 kq çəkidə ümidləribdaha böyükdü: "Çünki Jalə Əliyeva İslam Oyunlarının qalibi olub. Bundan başqa, dünya çempionatında 3-5-ci yerlər uğrunda güləşib. Ötən il U-23 dünya çempionatında zədəsi olduğu üçün yaxşı nəticə göstərə bilmədi. Artıq zədəsini bərpa edib. Yenə də bütün nəticələr döşək üzərində bilinəcək. Yaxşı komandaya sahibik".

Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək turnirdə baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarov ötən il analoji yarışa qatılmış heyətə yenidən şans verib. Bu dəfə də U-23 Avropa çempionatında ölkəmizi Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.