Misli Premyer Liqasının VI turunda "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

 

– Oyunu necə dəyərləndirirsiniz?

 

– Tez-tələsik hesabı bərabərləşdirdik, amma yenidən tez də qol buraxdıq. Hesabda geri düşməyimiz, xüsusilə penalti ədalətsiz idi. Həqiqətən də çox sadə epizod idi. Görüntülərə də baxdıq, təkrarında görsənir ki, o, qol deyil. Amma biz də qərar verə bilmərik. Hesabı bərabərləşdirdikdən sonra yenidən önə keçməyə çalışdıq. Lakin fərdi səhvdən sonra qapımızda ikinci topu gördük. Artıq neçə oyundur fərdi səhvlər bizim başımıza gələn əsas problemdir. Hansısa əks-hücumdan belə qollar buraxmırıq. Sırf fərdi səhvlərin hesabına qapımızda qollar görürük. Məğlub olduğumuz bütün oyunlarda əsas səbəb fərdi səhvlərdir. Futbolçular ehtiyatsız oynayırlar və nəticədə cərimə zərbəsi olur. Bu, fərdi səhvə gedir. Bunun spesifik tərəfi odur ki, məşqçi tərəfindən edilə biləcək çox şey yoxdur. Futbolçu özü məsuliyyəti dərk etməlidir. Rəqibi birinci cərimə meydançasının içinə qədər gətirib çıxarmamalıdır. Əgər rəqib həmin zonaya qədər gəlibsə, artıq səhv baş verib. Hazırda ən çox buraxdığımız səhvlərdən biri də budur. Məğlubiyyətlərimizin hamısı demək olar ki, fərdi səhvlərin hesabına baş verir.

 

– Milli fasilədən necə istifadə etməyi planlaşdırırsınız?

 

– Maksimum yararlanmağa çalışacağıq. Hələ də çatışmayan cəhətlərimiz var, çatışmazlıqlarımız həddindən artıqdır. Onların üzərində işləməliyik. Komandanı bu duruma özümüz salmışıq, özümüz də buradan çıxarmalıyıq. Sadəcə futbolçular məsuliyyəti çiyinlərinə almağı bacarmalıdırlar. Komandada potensial var. Ancaq bəzi mövqelərdə çatışmazlıqlarımız da açıq-aşkar görünür. İndi rəhbərliklə oturub danışacağıq. Bəzi mövqeləri gücləndirməliyik.

 

– Milli fasilədə yoxlama oyunları keçiriləcək?

 

– Bəli. "Neftçi" ilə oynayacağıq. Bir də "İmişli" ilə qarşılaşacağıq. Biri ayın 27-də, digəri isə ayın 2-də olacaq.

 

– Mətbuatda rəhbərliyin komandadan narazı olduğu, iki qələbə gözlədiyi ilə bağlı xəbərlər yayılır. Bu barədə nə deyə bilərsiniz?

 

– Yox, elə bir şey yoxdur. Rəhbərlik narazı olsun, hər məşqçidə də, yanımızda da, hər oyunumuzda da. Sadəcə biz də istəyirik ki, növbəti qələbələrimizi qazanaq və rəhbərliyi sevindirək. Amma yenə deyirəm, bu səhvlər qələbə qazanmağımıza mane olur. Hələlik rəsmi oyunlarda əsasən fərdi səhvlərin hesabına məğlub oluruq.

 

– Yeni transferlərlə bağlı dəyişiklik nəzərdə tutulub? Qapıçı mövqeyinə futbolçu alınacaq?

 

– "Araz-Naxçıvan"da qapıçıya ehtiyac olduğunu görürük. Amma qapıçı mövqeyinə transfer nəzərdə tutulmur. Bəzi mövqelər var. Çox yaxın günlərdə həmin transferləri açıqlayacaqlar.

 

– Hakimliklə bağlı da narazılığınızı bildirdiniz. Penalti epizodu ilə bağlı fikriniz necədir? Ötən tur "Turan Tovuz"la oyunda sizin lehinizə qərar verilmişdi. Hakimlikdə problem nədən qaynaqlanır?

 

– Düzdür, mən ilk dəfədir hakimliklə bağlı bu qədər narazılıq bildirirəm. Orada narazı olduğumuz epizodlara bir daha baxılsa, görmək olar. Belə sadə epizodlarda penalti verilməsi, 10 metrlik cərimə zərbələri təyin olunması tərəf saxlamaq demək deyil. Oyunun üç dəqiqəsində belə qərarlar verilməsi ilə oynamağa ehtiyac yoxdur, düşünürəm.

 

– Oyundan sonra Zaur müəllim paltardəyişmə otağına daxil olub. Söhbət zamanı sizə və futbolçulara hansı iradlarını bildirdi?

 

– Rəhbərlik həmişə məğlub olan komandaya iradlarını bildirir və futbolçuların daha məsuliyyətli çıxış etməsini istəyir. Biz artıq neçə turdur qələbə həsrəti çəkirdik. Bu oyuna da qələbə qazanmaq üçün köklənmişdik. Sadəcə, futbol belədir, düşünülməyən hadisələr də baş verir. Yenə vurğulayıram, rəqibin bizim üzərimizdə hansısa üstünlüyü yox idi. Sadəcə, hər dəfə özümüz-özümüzə qol vurduq. Belə olan halda məsuliyyət də öz üzərimizdədir.