Azərbaycanın çimərlik güləşi millisinin baş məşqçisi Oyan Nəzəriani ölkə çempionatında iştirakçı sayının yüksək olacağına, ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəklərinə ümid edir. Sport24.az xəbər verir ki, mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.
O, komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən və rayonlarından güləşçilər cəlb ediləcəyini vurğulayıb: "Bu yaşda güləşçilər arasında ilk çempionat deyil. Daha əvvəl də 17 və 20 yaşadək güləşçilər, həmçinin böyüklər arasında belə çempionat keçirilib. Bu il yarışı daha tez təşkil etməyimizə səbəb odur ki, gələn il yeniyetmələr arasında Yay Olimpiya Oyunları keçiriləcək. Hansı ki, çimərlik güləşi də bu oyunlara daxildir. Komandanı hazırlamaq məqsədilə ölkənin müxtəlif şəhərlərindən, rayonlarından güləşçilər cəlb edib bu çempionatı keçirəcəyik. Ümid edirik ki, iştirakçı sayı kifayət qədər yüksək olacaq və biz ən yaxşıları seçib olimpiadaya hazırlaya biləcəyik".
O, qarşıdan gələn dünya çempionatına qədər yeniyetmələrin heyətində dəyişiklik ola biləcəyini də istisna etməyib: "Sentyabrda 17 yaşadək çimərlik güləşçilərinin dünya çempionatı keçiriləcək. Daha əvvəl bu yaşda olanların Avropa çempionatında dörd çəki dərəcəsində iki qızıl, bir bürünc medal qazanmışdıq. Qızıl medalların əyarına görə birinci idik. Sadəcə, bir çəkidə uğursuzluq yaşandığı üçün komanda yarışında dördüncü olduq. Dünya çempionatında yeni uşaqlardan istifadə edə bilərik. Lakin böyüklərin heyətində, çox güman, dəyişiklik olmayacaq. Çünki böyüklər arasında dünya çempionatı bir neçə mərhələdən ibarətdir və güləşçilər artıq bunların ikisində iştirak ediblər. Yeniyetmələrin durumuna görə dünya çempionatınadək heyətdə dəyişiklik edilə bilər".
Qeyd edək ki, Azərbaycan çempionatı iyulun 16-17-də təşkil olunacaq.