"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Benfika"ya qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 3:2 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

 

"Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla yaxşı qələbə qazandıq. Bu oyunda məğlub da ola bilərdik. Oyuna kimi üstünlük rəqib tərəfdə idi. İlk hissənin əvvəllərində iki top geridə qaldıq və oyunu çevirmək asan görünmürdü. Futbolçularımdakı inam və sınmamaq, oyundan çıxmamaq, vurduğumuz ilk qol bizə qələbə qazanmağa kömək etdi. "Benfika"nın bizdən zəif olduğunu demək olmaz. Onlar topla yaxşı davranır, ağıllı futbol oynayır. Sadəcə bu gün futbolçularım daha çox əziyyət çəkdi, istəkli oldu. Böyük qələbə qazandıq. Bu, Azərbaycan futbolu tarixində, klub tarixində Çempionlar Liqasında ilk qələbəmizdir. Oyunçularımı, azərbaycanlıları təbrik edirəm. "Benfika"ya qarşıdakı oyunda uğurlar arzu edirəm.

 

Son vaxtlar futbol elə səviyyəyə gəlib çatıb ki, asan element yoxdur. Qarşı qarşıya 11 futbolçu oynayır, düşünən beyinlər. Heç də asan deyil. Sadəcə ilk dəqiqələrdən futbolçulara dedim ki, bu oyundan həzz almalıyıq. Bura Çempionlar Liqasıdır. Üzərlərinə gedirdim ki, daha cəsarətli olmalıyıq. Oyunumuzu tapmalı və bunu davam etdirməliyik. Səhvlər, top itkiləri normaldır. Qarşımızda usta komanda var idi. Oyunumuzdan əl çəkməli olmadığımızı, riskə getməli olduğumuzu dedim. Bəsit epizodlarda qol da buraxa bilərdik. Asan qələbə qazanmadıq. Oyunu asan gözləmirdik. Sadəcə bu gün qələbə bizə yazılmışdı".