"Pari Sen-Jermen"in baş məşqçisi Luis Enrike ötən mövsüm Çempionlar Liqasını qazanmağın klub üçün dönüş nöqtəsi olduğunu, indi uğurun təkrarlanmasının daha asan olacağını deyib. Sport24.az bildirir ki, ispaniyalı mütəxəssisin sözlərinə görə, Usman Dembele və digər komanda liderləri bütün komandanı ruhlandıran nümunə göstəriblər.

 

Çempionlar Liqasının "Atalanta" ilə açılış matçından əvvəl Enrike bildirib: "İlk titul həmişə ən çətin olur, çünki oyunçular onu qazana biləcəklərinə tam inanmırlar. Amma biz yol göstərdik və indi bütün PSJ qalib gələ biləcəklərini bilir".

 

O vurğulayıb ki, tarixi uğurdan sonra komandada yeni nailiyyətlər üçün lazım olan inam və təcrübə var.

 

Ötən mövsüm Çempionlar Liqasının finalında "İnter"i 5:0 hesabı ilə darmadağın edən parislilər klub tarixində ilk dəfə Avropa kubokunu qazanıblar. Kilian Mbappenin "Real Madrid"ə getməsinə baxmayaraq, heyətdə hələ də Dembele, Əşrəf Hakimi və Vitinya kimi futbolçular var. Enrike əmindir ki, onlar PSJ-yə bir daha Avropanın ən güclü komandası titulunu qazanmağa kömək edəcəklər.