Aprelin 16-da Bakıda start götürəcək bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turnirinin proqramı açıqlanıb. Sport24.az xəbər verir ki, yarışın ilk günündə açılış mərasimi və təsnifat yarışları keçiriləcək.

Aprelin 15-də gənclər arasında fərdi proqramda ayrı-ayrı alətlər və qrup hərəkətləri üzrə finallar keçiriləcək. Yarışın son günündə isə böyüklər arasında fərdi proqramda ayrı-ayrı alətlər və qrup hərəkətləri üzrə finallar reallaşacaq və mükafatlandırma mərasimləri olacaq.

Milli Gimnastika Arenası Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə 3-cü AGF Trophy adlı beynəlxalq turnirə ev sahibliyi edəcək. Budəfəki yarışda gənc bədii gimnastlara, böyükyaşlı bədii gimnastlar da qoşulacaqlar. Bu yarış böyükyaşlı gimnastlarımız üçün həm də dərhal sonra, 21-23 aprel tarixlərində eyni məkanda bədii gimnastika üzrə keçiriləcək Dünya kubokuna sınaq xarakteri daşıyacaq. Üç gün davam edəcək budəfəki yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar. Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək. Biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.