Azərbaycanın ev sahibliyi etdiyi 21-23 may tarixilərində keçirilmiş aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları və bu gün start götürən aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) xüsusi antidopinq maarifləndirici təbliğat proqramları həyata keçirmişdir. Sport24.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən uzun müddətdir kütləvi tədbirlərin keçirilməməsini nəzərə alsaq bu, il ərzində keçirilən ilk genişmiqyaslı təbliğat tədbiridir.

18 ölkədən 202 gimnastın iştirak etdiyi aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında, habelə 22 ölkədən 171 idmançının iştirak etdiyi aerobika gimnastikası üzrə dünya çempionatında AMADA xüsusi antidpoinq guşəsi yaradıb. Təbliğat proqramı çərçivəsində idmançılarla təmiz idman dəyərləri, idmanda ədalət prinsipi və antidopinq nəzarətinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işi aparılmışdır. Müxtəlif ölkələrdən olan gimnastlara antidpoinqlə bağlı biliklərini artırmaq üçün müxtəlif əyani vəsaitlər, bukletlər, habelə AMADA tərəfindən hədiyyələr verilmişdir. Təbliğat proqramına böyük maraq göstərən gimnastlar hazırlanmış xüsusi guşəyə yaxınlaşaraq təşviqat vəsaitləri ilə tanış olmuş, antidpoinqlə bağlı əyləncəli viktorinada iştirak etmişdirlər. İdmançılar burda təşkil olunan fotosessiyada iştirak etməklə təmiz idmanın təşviqinə öz töhfələrini vermişdirlər.