"Traktor" klubu Asiya Çempionlar Liqasında diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzə qalıb. Sport24.az xəbər verir ki, Təbriz təmsilçisi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərliyi özlərinə məxsus "ATA Air" aviaşirkətinin təyyarəsi ilə Əl-Ayn şəhərinə birbaşa enişə icazə verməyəcəyi təqdirdə, oyuna getməyəcəklərini açıqlayıb.
Son dövrlərdə İran aviaşirkətlərinə qarşı tətbiq edilən sanksiyalar bu ölkə klublarının beynəlxalq matçlara səfər etməsini kəskin şəkildə çətinləşdirib. Digər təmsilçi "İstiqlal" əlavə rüsum ödəyərək dövlətə məxsus xüsusi təyyarə ilə Dubaya uçmağa razılaşsa da, "Traktor" rəhbərliyi bu ödənişi etməkdən imtina edib.
Qeyd edək ki, Təbriz klubu sonuncu səfər oyunu üçün Təbriz – Tehran – Nəcəf – Bağdad – Maskat marşrutu üzrə 20 saatlıq yol qət etmək məcburiyyətində qalmışdı. Əgər BƏƏ tərəfi birbaşa uçuşa icazə verməzsə və "Traktor" səfərdən imtina edərsə, komandanı turnirdən kənarlaşdırılma cəzası gözləyir.