Misli Premyer Liqasının IX turunda səfərdə "Şəfa"ya 2:1 hesabı ilə qalib gələn "Kəpəz"in baş məşqçisi Azər Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə qələbəni dəyərləndirdi:

 

– Hər vaxtınız xeyir. Bu oyuna müəyyən itkilər və zədəli futbolçularla gəlmişdik, ağır oyun olacağını öncədən bilirdik. Taymları fərqləndirsək, birinci hissədə daha yaxşı oynadıq və hesabı açmağa layiq idik, sadəcə sonluq çatışmadı. İkinci yarıda isə etiraf etməliyəm ki, "Şəfa" təzyiqi artırdı və komandam müdafiəyə çəkilməli oldu, rəqib də qolunu vurdu. Daha sonra sistemdə bəzi taktiki dəyişikliklər etdik və bu dəyişikliklər komandamıza çox böyük fayda verdi. Futbolçuların yaxşı və iradəli oyunu sayəsində vacib qələbə qazandıq.

 

– "Kəpəz" hazırda yaxşı formadadır və məğlubiyyətsizlik seriyası yaxalayıb. Bu seriya qışa qədər davam edə bilər?

 

– Razıyam, hazırda komandamızın uğurlu gedişatı var. Düşünürəm ki, bu, futbolçularımın çəkdiyi əziyyətin bəhrəsidir. Ancaq etiraf edim ki, yığdığımız xallara və turnir cədvəlindəki mövqeyimizə rəğmən, hələ çox işləməliyik. Çatışmayan cəhətlərimiz var və onların üzərində durmadan çalışmalıyıq. Sevindirici hal odur ki, komanda oyundan-oyuna inkişaf edir, futbolçular bir-birinə uyğunlaşırlar və performansımızda nəzərəçarpacaq irəliləyiş müşahidə olunur. Heyət daha artığını bacara bilər. Əgər qışadək həmin tempdə və formada davam etsək, bizim üçün böyük uğur olar. Qışda transferlər etmək istəyirik, amma daha böyük yerlər uğrunda oynamağa hələ hazır deyilik.

 

– "Kəpəz" illərdir liqanın aşağı pillələrində qərarlaşan bir komanda idi. Cari mövsümdə vəziyyəti dəyişməyə necə nail oldunuz?

 

– İlk növbədə, uzaq yolu qət edib bura gələn və bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi qazandığımız nəticələrdə danılmazdır. "Kəpəz"in hər il Premyer Liqada qalmaq mübarizəsi aparması barədə danışsam, mənə görə bir az qlobal problemdir. Çünki "Kəpəz" hər il dağılır və sonra yenidən yığılır. Hətta tək futbolçu səviyyəsində deyil, rəhbərlikdə də dəyişikliklər tez-tez olurdu. Klubda sabitlik yox idi. Güman edirəm ki, hazırkı rəhbərlik stabilliyi bərpa edəcək. Açığı, əldə etdiyimiz nəticələrdə klubda sağlam və strukturlu iş görən insanların böyük əməyi var. Başda rəhbərlik durur, biz məşqçilər və futbolçular da həmin mexanizmin bir parçasıyıq. İşlər belə davam etsə və komandaya sponsor, maliyyə dəstəyi olunsa, "Kəpəz" ilbəil daha fərqli yerlərə gələr və o köhnə, iddialı "Kəpəz"i qaytara bilərik.

 

– Məlumdur ki, ardıcıl qələbələrə görə futbolçulara mükafat verilir. Bu bonuslar klubun büdcəsinə mənfi təsir göstərmir ki?

 

– Rəhbərlik çempionatdakı qələbələr üçün müəyyən mükafat büdcəsi ayırmışdı. Etiraf etməliyəm ki, həmin büdcə 8-ci tura kimi bu qədər çox qələbə üçün nəzərdə tutulmamışdı. Oyunçularımız öz zəhmətləri ilə mükafatı qazandılar. Bəli, bu qələbələr ayrılan plana müəyyən təsir edir, amma rəhbərliyimiz də sağ olsun, uşaqların əziyyətini qiymətləndirmək üçün əlindən gələni edir.