İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatı start götürüb. Sport24.az xəbər verir 62 ölkədən 222 gimnastın iştirak etdiyi yarışın ilk günündən sonra Azərbaycanın bir təmsilçisi Paris Olimpiadasına vəsiqə verən yerdə qərarlaşıb.

Söhbət Zöhrə Ağamirovadan gedir. Təmsilçimiz topla 9-cu nəticəyə imza ataraq, təknövçülükdə finala vəsiqə verən 8 yerin bir addımlığında dayanıb. Halqa ilə çıxışda isə azərbaycanlı gimnast 12-ci nəticəni göstərib. Bu, ona 2 növün göstəricilərinə əsasən 8-ci mövqedə qərarlaşmış imkanı verib.

Digər azərbaycanlı zərif cins nümayəndəsi İlona Zeynalova isə iki növdəki ümumi nəticələrə əsasən 53-cü pillədə qərarlaşıb.

Çoxnövçülükdə italiyalı hazırkı dünya çempionu Sofiya Rafaelli liderdir (70,100 xal). Bolqarıstanlı Stiliana Nikolova 2-ci, almaniyalı Darya Varfolomeyeva 3-cü yerdədirlər.

Çoxnövçülük üzrə təsnifat mərhələsinin nəticələrinə əsasən ilk 18 yerdə qərarlaşmış idmançı finala vəsiqə əldə edəcək.

Bu gün iştirakçılar gürz və lent yarışlarında qevvələrini sınayacaq.