Bir neçə gündən sonra, daha dəqiq desək, avqustun 23-də “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində mübarziyə başlayacaq. Vitali Borisovun baş məşqçisi olduğu kollektiv həmin gün Türkiyənin “İstanbul Şişli”, ertəsi Almaniyanın “Jahn Regensburq” və 26-da meydan sahibləri Latviyanın “Riqa” klubu ilə üz-üzə gələcək. Məsul oyunlara 10 gün qalmış “Araz-Naxçıvan”ın baş məşqçisi Sport24.az-a müsahibə verib. Borisov həm təlim-məşq toplanışını dəyərləndirdi, həm də rəqibləri incələdi.
- Avqustun 23-də Çempionlar Liqasının ilkin mərhələsində ilk oyuna çıxacaqsız. Qrupdakı rəqiblər barədə məlumat əldə edə bilmisiz, oyunlarını izləmisiz?
- Türkiyə və Almaniya çempionları barədə məlumat toplamaq çox çətindi. Onlar barədə çox az informasiya əldə etmişik. Meydan sahibləri, Latviya çempionu “Riqa” haqda da demək olar heç nə bilmirik. Yalnız onu bilirik ki, heyətlərində çox dəyişikliklər olub. Ona görə ötən mövsümkü oyunlarına baxmaq bizə heç nə verməyəcək. Ancaq onu da bildirim ki, heyətlərindəki dəyişikliklərdən xəbərimiz var, “rənglərinə bağladıqları” yeni oyunçuları az-çox tanıyırıq.
- Hər halda rəqiblərin gücünə bələdsiz. Hansı daha güclüdü?
- “Araz-Naxçıvan” və meydan sahiblərini qeyd edərdim. Fikrimcə, birinci yer uğrunda əsas mübarizə bizimlə latviyalılar arasında gedəcək.
- Artıq neçə vaxtdı təlim-məşq toplanışındasız. Hazırlıq prosesindən razısız?
- Toplanışın gedişindən narzılığım yoxdu. Hər şey plan üzrə gedir. İnanıram ki, toplanışda tökdüyümüz tərin, çəkdiyimiz zəhmətin bəhrəsini Latviyada görəcəyik.
- Mövsümlərarası fasilədə “Araz-Naxçıvan” heyətinə yeni legionerlər cəlb etməklə yadda qaldı. Heyət artıq komplektləşib, yoxsa qarşıdakı günlərdə yeni keçidlər olacaq?
- Açığı, bir-iki problemlə üzləşmişik. Bu barədə ətraflı danışmaq istəmirəm. Çalışacağıq qısa vaxtda problemləri aradan qaldıraq, Latviyaya tam heyətlə yollanaq.
RƏŞAD QASIMOV