Azərbaycanın futzal millisi istənilən rəqibə qarşı oyunda qələbə qazana bilər. Bunu yığmanın üzvü Tofiq Mikayılov deyib.

 

Təcrübəli futzalçı hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini bildirib.

 

"Hazırlıq taktiki məşqlər üzərində qurulub. Heyətdə bir neçə təcrübəli oyunçu qalsa da, əksəriyyət gənclərdir. Komandanın formalaşması, oyunlara yaxşı hazırlıq üçün belə toplanışların tez-tez keçirilməsi vacibdir. Danimarka ilə son oyunlar göstərdi ki, istəsək və sona qədər mübarizə aparsaq, istənilən rəqibə qarşı oyunda qələbə qazana bilərik", - deyə o, report.az-a açıqlamasında bildirib.

 

O, yoxlama matçlarında üz-üzə gələcəkləri Gürcüstan və Qazaxıstan yığmaları ilə oyunlara da toxunub:

 

"Rəqiblərdən Gürcüstan millisi ilə son vaxtlarda, Vitali Borisovun baş məşqçiliyi dönəmində qarşılaşmışdıq. Düzdür, bunlar yoldaşlıq görüşləridir, lakin bizim üçün nəticə önəmlidir. Uzun müddət qələbə qazana bilməmişdik, ona görə də hər matça qalib gəlmək və komandada ruh yüksəkliyini artırmaq üçün çıxırıq. Oyunlar ardıcıl olduğu üçün bir az ağır keçə bilər, amma heyətimiz genişdir və məşqçi hamıya şans verəcək".

 

Heyətdəki itkilər barədə danışan Mikayılov qapıçı Emin Kürdovun durumuna aydınlıq gətirib:


"Yalnız qapıçımız Emin Kürdovun qolunda zədəsi var idi, o, apreldə komandaya qoşulacaq. Digər futzalçıların əhval-ruhiyyəsi yaxşıdır və hamı məşqlərdə can-başla iştirak edir".