"Bizi aprel ayında 4 çətin oyun gözləyir. Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik". Sport24.az xəbər verir ki, bu sözləri azfutzal.az-a açıqlamasında futzal üzrə millinin baş məşqçisi Yevgeni Kukseviç deyib.

 

Martın 23-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçirən yığmanın çalışdırcısı hazırlıqla bağlı bunları vurğulayıb:

 

"Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə də bir necə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, həvəslə verilən tapşırıqları edirlər. Çempionat oyunları arasında da müəyyən qədər vaxt var. Bundan maksimum yararlanmağa çalışırıq. Öyrənməliyik ki, oyunlarda işimiz yüngül olsun".

 

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək.