"İmişli"nin qapıçısı Andrey Sinenkonun "Qarabağ"ın maraq dairəsində olduğu iddia edilir. Sport24.az xəbər verir ki, bu barədə bel.football postalı məlumat yayıb.
Məsələ ilə bağlı adı çəkilən sayta açıqlama verən qolkiperin agenti Dmitri Xlebosolov xəbəri təsdiqləyib:
"Hazırda statistikaya baxsaq, Andrey Azərbaycanın ən yaxşı qapıçılarından biridir. Mən Sinenko ilə bağlı danışıqlar aparmaq üçün "Qarabağ"ın heyətinin formalaşdırılmasında iştirak edən tanınmış agentə icazə vermişəm. Mövsümün sonunda onun daha yüksək səviyyəyə qalxması üçün bütün variantları nəzərdən keçirəcəyik".
Qeyd edək ki, Andrey Sinenko cari mövsümdə "İmişli"nin heyətində 25 matça çıxıb və qapısında 35 qol görüb. 10 oyunda isə "çərçivə"ni toxunulmaz saxlayıb.