Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemilton növbəti dəfə bolidlərinin keyfiyyətindən danışıb. Sport24.az xəbər verir ki, "Mersedes” pilotu W14 yarış avtomobilinin cazibəsinə aldanmamalı olduqlarını söyləyib: “Əvvəldən bilirdim ki, istədiyimiz yerdə deyilik. İlk dəfə bolidlə tanış olanda onun əsas rəqiblərimizin yarış avtomobilindən geri qaldığını gördüm. Bu adamı bir qədər əsəbləşdirir. Amma bolidin dizaynına söz ola bilməzdi. Doğrusu, yarış avtomobilinin hansı rəngdə olması vecimə deyil. Əsas onun sürətidir. Ümid edirəm ki, bir müddət sonra bizə qələbə gətirən bolidi idarə edərik. Həmişə sürətli yarış avtomobili ilə seçildiyimiz halda, birdən-birə onu qurmaq bacarığını itirdik. İndiki məqamda işləməyə davam etməliyik".

Hemilton komandasına tam inandığını da dilə gətirib: "Mersedes” ailəmdi və heç yerə getmək fikrində deyiləm. Bizə sadəcə, təkan lazımdı. Ümid edirəm ki, mövsümün gedişində rəqiblərimizlə aramızda olan fərqi azaldarıq. Amma onu da etiraf edim, titul uğrunda mübarizə aparmağa gecikmişik”.

Xatırladaq ki, Bəhreyndə keçirilən mövsümün ilk yarışında Hemilton 5-ci, komanda yoldaşı Corc Rassell isə 7-ci yeri tutub.