"Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunun ot örtüyündə yaranan problem səbəbindən son ev oyunlarını müvəqqəti olaraq "SOCAR Polymer Arena"da keçirirdi.

Stadionun direktoru Nadir Quliyev Sport24.az-a açıqlamasında ot örtüyündə yaranan problemin aradan qaldırılması istiqamətində işlərin aparıldığını bildirib.

Onun sözlərinə görə, Mehdi Hüseynzadə adına şəhər stadionunun ot örtüyü Misli Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə keçiriləcək qarşılaşmaya qədər tam hazır vəziyyətə gətiriləcək.

"10 gün əvvəl ot örtüyünə baxış keçirmişdim. O gündən bu günə qədər dəyişiklik var. Xarici mütəxəssislərlə danışmışıq. Bildiriblər ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı "Qəbələ" ilə ev oyununa qədər ot örtüyü hazır olacaq".

Qeyd edək ki, "Sumqayıt" – "Qəbələ" matçı oktyabrın 10-da saat 19:30-da start götürəcək.