Ötən gün baş məşqçisi Zaur Hacıyevlə yollarını ayıran "Xankəndi" komandasında qalmaqal yaşanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, hadisə mütəxəssisin komandadan göndərilməsindən bir gün əvvəl baş verib.
Belə ki, Zaur Hacıyev sentyabrın 24-də kollektivi məşqə çıxarmaq istəyib. Lakin I Liqa təmsilçisinin rəhbərliyi baş məşqçiyə hazırlıq prosesində iştirak etməyə və məşq keçirməyə icazə verməyib.
Bu hadisədən sonra komandada vəziyyət daha da gərginləşib. Növbəti gün – sentyabrın 25-də isə "Xankəndi" rəhbərliyi Zaur Hacıyevlə yolların ayrıldığını açıqlayıb.
Beləliklə, mütəxəssisin komandadakı fəaliyyəti mövsümün ilk üç turundan sonra başa çatıb.
Qeyd edək ki, "Xankəndi" I Liqada 3 turdan sonra 1 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.