Sabiq Formula 1 pilotu Ralf Şumaxer Serxio Peresin “Red Bull”dan getməli olduğunu hesab edir. Sport24.az xəbər verir ki, onun fikrincə, yola getməyən pilotların eyni komandada qalması problemlərə yol aça bilər: “Paddokda Peresin gələcək karyerası ilə bağlı şaiyələr çoxdur. “Red Bull” onu kiminlə əvəzləyə bilər ki? İndiki məqamda Yuki Tsunoda ilə Daniel Rikkardo variantları var. Bazarda digər pilotların adı da hallanır. İndiki məqamda Ferstappenlə Peres arasında gərginlik yaşanırsa, ən ağıllı variant kimi meksikalı ilə vidalaşmaq lazımdı. Hadisələri diqqətlə incələsinz, həqiqətən də onların yola getmədiyini görərsiniz. Komandada bir-birini başa düşməyən iki pilot varsa, bu gec-tez problemə çevriləcək”.

Xatırladaq ki, Peres Bakıda keçirilən son Qran-pridə sprint və final mərhələsinin qalibi oldu. Hazırda şəxsi birincilikdə 2-ci yerdə qərarlaşan meksikalı pilot komanda yoldaşı Maks Ferstappendən 6 xal geridədi.