Formula 1 üzrə Azərbaycan Qran-prisi başa çatıb. Sport24.az xəbər verir ki, şənbə günü sprint yarışında qalib gələn “Red Bull” pilotu Serxio Peres həlledici mərhələdə də uğur qazanıb. Meksikalı pilot bu mövsüm ikinci dəfə finiş xəttini birinci keçib.

Ümumilikdə isə Serxio karyerasında 6-cı, şəhər trasslarında isə 5-ci dəfə fəxri kürsünün üst pilləsinə qalxıb.Yeri gəlmişkən, 2021-ci ildə də Bakıda keçirilən yarışda qalib gələn Serxio Azərbaycan Qran-prisində 2 dəfə uğur qazanan ilk pilot kimi tarixə düşüb.

İkinci pilləyə isə onun komanda yoldaşı Maks Ferstappen sahib çıxıb. Beləliklə də, “Red Bull” bu mövsüm keçirilən 4-cü yarışda 3-cü dəfə dubl etməyi bacarıb. Bu həm də Avstriya komandasının 25-ci dublu kimi tarixə düşüb. Təsnifat mərhələsinin qalibi olan “Ferrari” pilotu Şarl Lekler 4-cü dövrədə liderliyini əldən verərək yarışı 3-cü sırada başa vurub. Bununla da monte karlolu pilot 2023-cü ildə ilk dəfə fəxri kürsüyə yüksəlib.

İlk 3 yarışın hamısında 3-cü yeri tutan “Aston Martin” pilotu Fernando Alonso isə bu mövsüm ilk dəfə fəxri kürsüdən kənarda qalıb. 2 qat dünya çempionu yarışı 4-cü sırada başa vurub. “Alfa Romeo”dan Çjou Quanyu ilə “Alfa Tauri”dən Nik de Vris mübarizəni sona qədər davam etdirə bilməyiblər.