MotoGP üzrə dünya çempionatında 4-cü mərhələ geridə qalıb. Sport24.az xəbər verir ki, İspaniyanın Xeres şəhərində keçirilən Qran-pridə hazırkı dünya çempionu Françesko Banyaya uğur qazanıb.
“Dukati” motosikletçisi 39 dəqiqə 29 saniyəyə finiş xəttini keçərək bu mövsüm ikinci dəfə fəxri kürsünün üst pilləsinə qalxıb. İtaliyalıdan 0,2 saniyə geridə qalan KTM komandasının cənubi afrikalı üzvü Bred Binder ikinci olub.
Onun komanda yoldaşı Cek Miller isə yarışı üçüncü sırada başa vurub. Yeri gəlmişkən, bir gün əvvəl təsnifat mərhələsində qalib gələn “Apriliya”nın ispaniyallı motosikletçisi Aleyş Esparqaro fəxri kürsüdən kənarda qalıb. O, liderdən 4,7 saniyə geridə qalaraq 5-ci yeri tutub.
Şəxsi birinciliyə gəlincə, Françesko Banyaya 87 xalla liderliyini davam etdirir. Ondan 22 xal geridə qalan həmyerlisi Marko Bezeççi ikinci sıradadır. Bred Binder isə 62 xalla 3-cü yeri tutur. Mühəndislər Kubokuna 137 xalla “Dukati”, komanda yarışına isə VR46 komandası başçılıq edir. Növbəti yarış mayın 14-də Fransanın Le Man şəhərində keçiriləcək.