''İndikar''ın ikiqat çempionu Uill Pauer ''Formula-1''də çempionluq intriqasının olmamasını tənqid edib. Sport24.az xəbər verir ki, ''Penske''nin avstraliyalı pilotu rəqabət baxımından ''İndikar''ı ''Formula-1'' üçün nümunə gətirib.
Onun fikrincə, bolidlərin hamısı standart olmalıdı: ''İndikar''da çox sərt və inanılmaz rəqabət var. Bir çoxları, xüsusilə də ''Formula-1'' həvəskarlarının bundan xəbəri yoxdu. ''Formula-1''dəki rəqabətə baxanda adamın gülməyi gəlir. Amma pilotların burda heç bir günahı yoxdu. Əksinə, pilotlar kifayət qədər güclü və səviyyəlidi. ''İndikar''dakı qaydalar ''Formula-1''ə də gətirilsə, tamam fərqli və maraqlı yarış izləyərik. Təbii ki, bolidlərin yeni texnologiyalarla inkişafı qaçılmazdı. Bu, yaxşı haldı. Amma bütün bolidləri standartlaşdırmaq lazımdı. İndi ''Formula-1''də az qala hər qran-prini Ferstappen qazanır. Çünki bolidi güclüdü. Əvvəlcədən məlumdu ki, ona yalnız qeyri-adi bir hadisə mane ola bilər. Amma bolid baxımından şərtlər hamı üçün eyni olsa, tamam fərqli rəqabət izləyə bilərik. Bizdə ''İndikar''da məhz belədi və hər həftə 20 pilotun hər birinin ilk ''6-lığ''a düşmək şansı olur".
Pauer dünyada bundan yüksək rəqabətli avto yarış tanımadığını gizlətməyib: "Biizdə hər şey pilotun öz bacarığından asılı olur. Bolid ciddi rol oynamır. Yalnız bolid hesabına qazanılan çempionluq kimə lazımdı? Hemilton, Rassel, Norris və Alonso əla pilotlardı. Amma onlar daxilən üzgündülər. Çünki çempionluq şanslarının olmadığını bilirlər. Onlar sadəcə, təqdim olunan texnikadan maksimum istifadə edirlər. Düzdü, bolidlər standartlaşdırılsa, bəlkə Ferstappen yenə də çempion olacaq. Amma onun üstünlüyü indiki qədər böyük olmayacaq. Hər yarışda eyni qalib görməyəcəyik''.