2026-cı ildən etibarən “Honda”nın Formula 1-də əməkdaşlıq edəcəyi komandanın adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, Yaponiya şirkəti 3 ildən sonra “Aston Martin” bolidlərini mühərriklə təmin edəcək. Artıq tərəflər əməkdaşlığın perspektivləri ilə bağlı ictimaiyyət qarşısında çıxış edib.

“Honda”nın uzun müddət “Red Bull”la birgə işləyib Formula 1-i tərk etməsindən sonra geriyə qayıtmasının səbəblərinə gəlincə, şirkətin avtoidman bölməsinin rəhbəri Kodzi Vatanabe geridönüşlərini belə izah edib: “Yenidən Formula 1-ə qayıtmağımızın əsas səbəbi 2026-cı ildən Formula 1-də karbon qazından istifadənin məhdudlaşdırılmasıdır. Bu istiqamət üzrə irəliləmək siyasətimizlə üst-üstə düşür. Bu həlledici amildi. Yeni reqlamentə əsasən, bolidlər daha çox elektriklə işləyən mühərriklərə üstünlük verəcək. Bu da elektrofiksasiya hərəkatına təkan verəcək”.