Formula-1''ədə Kanada Qran-prisinin təsnifat mərhələsi baş tutdu. Sport24.az xəbər verir ki, təsnifat demək olar, əvvəldən sona qədər güclü yağış altında keçib.
Buna baxmayaraq Maks Ferstappen yenə hamını qabaqlayıb Bu mövsüm əla təsir bağışlayan və ardıcıl 3-cü çempionluğuna doğru şığıyan ''Red Bull'' pilotu asanlıqla pol əldə edib
Bununla da niderlandlı pilot 2023-də 5-ci, karyerasında isə 25-ci dəfə əsas yarışa birinci pillədə başlamaq hüququ əldə etdi. Bu göstəricidə o, ''Formula-1''in sabiq çempionları Niki Lauda və Nelson Pikeni geridə qoydu. Daha bir pol qazanacağı təqdirdə o, əfsanəvi Mika Hakkineni yaxalayacaq.
Maraqlıdı ki, ''Red Bull''un digər pilotu Serxio Peres yanlış strategiyanın qurbanı olaraq yalnız 12-ci nəticə göstərə bilib. Təsnifatda ən yaxşı 2-ci göstəricinin müəllifi gözlənilmədən Niko Hulkenberq olub. Almaniyalı pilot karyerasında 3-cü, onun şərəfini qoruduğu ''Haas'' isə birinci dəfə yarışa ilk ''2-lik''də başlayacaq. Təsnifatda 3-cü ən yaxşı göstəricinin müəllifi isə ''Aston Martin'' pilotu Fernando Alonso oldu.