Bu mövsüm “Red Bull”un Formula 1-də daha da fərq yaratması çempionatda rəqabəti demək olar ki, sıfra endirib. Sport24.az xəbər verir ki, bu mövsüm keçirilən 4 yarışın 3-də Avstriya komandası dubl edib.

Artıq digər komandalar “Red Bull”dan sonra ən yaxşı hansı komanda olacaq məsələsini aydınlaşdırırlar. Bakıdakı yarış ümumiyyətlə, heç bir komandanın “Red Bull”a rəqabət aparmaq gücündə olmadığını göstərdi. Artıq avstriyalıların qarşısını almaq üçün reqlamenti dəyişməyin zəruriliyi məsələsi ortaya atılıb. Çünki bu reqlamentlə digər komandalar nə qədər güclənsə də, onlara çata bilməyəcək.

"Red Bull”a qədər çempionatda dominantlıq edən “Mersedes” belə hazırda çarəsiz vəziyyətdədir. Komandanın rəhbəri Toto Volff da çıxış yolu tapa bilmir: “Bakıda keçirilən yarışdan sonra deyə bilmərik ki, “bunu etmək doğru deyil” və yaxud “biz nəyisə dəyişməliyik”. Sadəcə, son yarışın niyə darıxdırıcı alındığını müəyyənləşdirməliyik. Çempionatda yarışan iki bolid var ki, onlar çox qabaqdadır. İndiki məqamda “Aston Martin”, “Mersedes” və ya “Ferrari”dən hansı birisinin sürətli olduğunu söyləyə bilmərəm. Təmiz havada güclər demək olar ki. bərabərdir. Bu ümumi vəziyyəti dəyişmir axı. İndi “Red Bull” var, daha sonra 3 komanda gəlir, sonda da digərləri sadəcə yarışır”.