​"Əl-İttifaq"ın ulduz yarımmüdafiəçisi Corcinio Veynaldum klubdakı son aylarını yaşayır. Sport24.az xəbər verir ki, 35 yaşlı futbolçunun Səudiyyə təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatsa da, tərəflərin yolları daha tez ayıracağı gözlənilir.

 

Məlumata görə, "Əl-İttifaq"ın Veynalduma yeni müqavilə təklif etmək üçün kifayət qədər büdcəsi yoxdur. Jurnalist Ben Ceykobs qeyd edir ki, tərəflər qarşılıqlı razılıq əsasında vidalaşmağa hazırlaşırlar. Yalnız son anda büdcənin artırılması vəziyyəti dəyişə bilər.

 

Veynaldumun milli komanda karyerası hələ bitməyib. İddialara görə, Niderland yığmasının baş məşqçisi Ronald Kuman ulduz oyunçunu Dünya Çempionatının heyətinə daxil edə bilər. Futbolçunun gələcək taleyi may ayının sonunda qəti şəkildə bəlli olacaq.

 

"Sky Sports"un verdiyi xəbərə görə, 35 yaşlı futbolçu karyerasını bitirmək niyyətində deyil. O, vaxtilə "Nyukasl" və "Liverpul" formaları ilə ulduzunun parladığı İngiltərə Premyer Liqasına geri dönməyi hədəfləyir.