"Real" klubunun yarımmüdafiəçisi Aurelien Tçuameni son açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, fransalı futbolçu "Pivot Podcast"dakı bir repartajda Madriddə keçirdiyi ən çətin dövrlərdən danışıb, həm də irqçiliklə bağlı sərt mesaj verir:

 

Tçuameni bildirib ki, bir müddət əvvəl "Santyaqo Bernabeu" tribunalarından ciddi təzyiq hiss edib:

 

"Tənqid hədəfinə çevrilmişdim. Topa hər toxunuşumda azarkeşlər məni fitə basırdı. Bu ya səni sındırır, ya da daha güclü edir. Mən ikinci yolu seçdim. "Real"da təzyiq tamam fərqlidir. Burada etdiyin hər şey müzakirə olunur".

 

24 yaşlı yarımmüdafiəçi əlavə edib ki, həmin dövr onun psixoloji baxımdan güclənməsinə səbəb olub:

 

"Bir-iki il əvvəl məni zəif oyunçu adlandırırdılar. İndi isə başa düşürəm ki, nə etsəm, yenə danışacaqlar. Ona görə də yalnız oyuna fokuslanıram. Bu klubda oynamaq təzyiq yox, imtiyazdır".

 

Tçuameni həmçinin Çempionlar liqası oyunlarında baş verən irqçi insidentlərə də toxunub. Xüsusilə Vinisius Juniora qarşı səslənən təhqirlərə münasibət bildirən futbolçu sərt xəbərdarlıq edib:

 

"Onu meymun adlandırdılar. Düşünürəm ki, növbəti addım meydanı tərk etmək olacaq. Belə halların təkrarlanmasına icazə verməyəcəyik".