"Aston Villa"nın baş məşqçisi Unai Emeri Avropa liqasının yarım-final matçınan sonra hakim idarəçiliyinə, xüsusilə də VAR sisteminə qarşı kəskin ittihamlarla çıxış edib. Sport24.az xəbər verir ki, ispan mütəxəssis Andersonun Ollie Uotkinsə qarşı etdiyi kobudluğun cəzasız qalmasına sərt etirazını bildirib.

 

​Matç zamanı baş hakimin qərarları ilə bağlı ciddi problemi olmadığını deyən Emeri, epizodun təkrarını izlədikdən sonra fikrinin tamamilə dəyişdiyini vurğulayıb:

 

​"Oyun zamanı özümü rahat hiss edirdim, hakimin yaxşı idarəçilik etdiyini düşünürdüm. Lakin epizodu yenidən izləyəndən sonra dəhşətə gəldim. Bu, VAR-ın birbaşa məsuliyyətində olan məqamdır. Belə bir müdaxilə futbolçunun ayağını sındıra bilərdi. Ollie az qala ağır zədə alacaqdı. Bu, çox böyük, bağışlanılmaz bir səhvdir!"

 

Təcrübəli mütəxəssis texnologiyanın düzgün istifadə edilməməsindən narazılığını bu sözlərlə ifadə edib:

 

"VAR-ın böyük məsuliyyəti var və bizə bu barədə izah verməlidirlər. Bu, sadəcə dəlilikdir!"

 

"Mən 20 ildir məşqçilik edirəm və VAR-ı 100% dəstəkləyirəm. Amma o, ədalətli və düzgün tətbiq olunmalıdır."

 

"Meydandakı hakim epizodu mənim kimi təkrar izləyə bilmir. Məhz buna görə VAR müdaxilə etməli idi. Belə bir epizodda heç bir şübhə ola bilməz. Sual verirəm: VAR haradadır?"

 

Qeyd edək ki, sözügedən mübahisəli epizod və Emerinin bu kəskin açıqlamaları həm Britaniya mətbuatında, həm də sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.