Norveç millisinin baş məşqçisi Stale Solbakken 2026-cı il dünya çempionatında komandasının şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis İraqa qarşı keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında iddialı danışıb.

1998-ci ildən sonra ilk dəfə dünya çempionatının final mərhələsində çıxış edəcək Norveçin çalışdırıcısı turnirin əhəmiyyətini vurğulayıb:

"Hər bir məşqçi üçün millisini dünya çempionatında çalışdırmaq ən böyük nailiyyətlərdən biridir. Qrupumuz çox güclüdür, bəlkə də turnirin ən çətin qruplarından biridir. İlk oyunda qələbə qazanmaq bizim üçün çox vacibdir. Üç xal əldə etsək, məqsədimizə doğru önəmli addım atmış olarıq", – deyə Solbakken bildirib.

Baş məşqçi komandanın əsas ulduzu Erlinq Haaland haqqında da yüksək fikirlər səsləndirib:

"Ümid edirəm ki, Haaland komandaya böyük təsir göstərəcək. Məncə, o, dünyanın ən yaxşı bombardiridir. Fiziki vəziyyəti əladır. Ona lazımi ötürmələri versək, qol vuracağına şübhə etmirəm. O, yaranan imkanları dəyərləndirməyi bacarır", – deyə norveçli mütəxəssis qeyd edib.

Millinin yarımmüdafiəçisi Patrik Berq isə hazırkı nəslin Norveç futbol tarixinin ən güclü komandası olduğunu düşünür:

"1990-cı illərin komandası da uğurlu idi. Amma indi Haaland və Martin Ödeqor kimi dünya səviyyəli futbolçularımız var. Onlar Avropanın ən böyük klublarında əsas rollardan birini oynayırlar", – deyə Berq vurğulayıb.

Digər yarımmüdafiəçi Sander Berqe də komandanın potensialına inandığını bildirib:

"Haaland və Ödeqor kimi futbolçulara sahib olmaq komandaya xüsusi diqqət qazandırır. Onlar həqiqətən də fərqli səviyyəli oyunçulardır", – deyə Berqe əlavə edib.

Qeyd edək ki, Norveç DÇ-2026-nın qrup mərhələsində İraq, Fransa və Seneqal ilə mübarizə aparacaq.