Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman "Barselona"nı almaq üçün 10 milyard avroluq təklif hazırlayır. Sport24.az xəbər verir ki, bu barədə "El Chiringuito TV"nin jurnalisti Fransua Qallardo özünün "X" səhifəsində paylaşım edib.
Bu məbləğ katalonların təxminən 2,5 milyard avroluq borcunu ödəmək üçün kifayət edəcək.
Lakin "Goal.com" portalı şahzadənin istəyinin reallaşmayacağını bildirir. Mənbənin sözlərinə görə, "Barselona" uzun müddətdir mövcud olan mülkiyyət modelinə görə birbaşa satın alına bilməz: "Klub seçkilərə və idarəetməyə nəzarət edən üzvlər tərəfindən birgə idarə olunur, yəni heç bir şəxs onu təkbaşına əldə edə bilməz. Səudiyyə vəliəhddi potensial olaraq ayrıca bir kommersiya qoluna investisiya qoya bilsə də, tam satınalma cəhdi struktur olaraq əngəllənəcək. Hətta böyük maliyyə resursları ilə belə, vəliəhd şahzadə "Barselona"nın mülkiyyət modelini qoruyan struktur maneələri aradan qaldıra bilməz".
Qeyd edək ki, "Barselona"nın hazırkı prezidenti Joan Laporta daha əvvəl səlahiyyət müddəti bitdikdən sonra, daha dəqiq desək, 2027-ci ildə sonra yenidən seçilməyəcəyini bildirmişdi.