"Barselona"nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun heyətində İspaniya çempionatında 150 rəsmi oyun keçirib. Sport24.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.

 

Əlamətdar oyun La Liqanın 16-cı turuna təsadüf edib. 23 yaşlı ispaniyalı dekabrın 13-də "Osasuna" ilə oyunda start heyətində meydana çıxıb və qarşılaşma kataloniyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu matçda forma geyinən Pedri "Barselona" tarixində ​​La Liqada 150 oyunda iştirak edən ən gənc oyunçu olub. Bununla da o, Lionel Messinin 2010-cu ildəki rekordunu yeniləyib.

 

Argentinalı futbolçu İspaniya çempionatında 150-ci oyununu 23 yaş 121 günlüyündə keçirib. Pedri isə bu göstəriciyə 23 yaş 18 günlüyündə çatıb.

 

İspan yarımmüdafiəçinin La Liqada 150 oyuna çıxması üçün beş ildən bir qədər çox vaxt lazım olub. O, "Barselona"nın heyətində çempionatda ilk oyununa 2020-ci ilin sentyabrın 27-də çıxıb.