Belçika millisinin baş məşqçisi Rudi Qarsiya Xorvatiya üzərində qazanılan (2:0) qələbədən sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyundan razı qaldığını bildirib:

"Xorvatiyaya qarşı yaxşı oynadıq. Su fasiləsi zamanı etdiyimiz üç taktiki dəyişiklik komandamızın çıxışını yaxşılaşdırdı. Bəzi məqamlarda çətinliklərlə üzləşsək də, qapımızı toxunulmaz saxlamağı bacardıq. Futbolçular komanda şəklində müdafiə olundular və rəqibə təhlükəli fürsətlər yaratmağa imkan vermədilər. Yalnız dirəyə dəyən zərbəni istisna edə bilərəm".

Qarsiya bu görüşün dünya çempionatı öncəsi əhəmiyyət daşıdığını vurğulayıb:

"Bu, dünya çempionatından əvvəl bizim üçün vacib oyun idi. Xorvatiya kimi güclü rəqibi məğlub etdiyimiz üçün xoşbəxtik. Ən çox komandanın kollektiv oyunu məni sevindirdi. Ehtiyatdan meydana daxil olan futbolçular da oyunun keyfiyyətinə mənfi təsir göstərmədilər".

Baş məşqçi hücumçu Romelu Lukakunun performansına da toxunub:

"Lukaku qol vurmaq üçün doğulub. Düşünürəm ki, əvvəlki epizodlardan birində daha yaxşı qərar verə bilərdi. Böyük futbolçulara qarşı daha tələbkar olmaq normaldır. Buna baxmayaraq, o, meydana uğurlu daxil oldu və dərhal rəqibə təzyiq göstərməyə başladı".

Sonda Qarsiya futbolçuya dəstəyini ifadə edib:

"Hamı onun adına sevinir və ona böyük hörmətlə yanaşır. İndi isə məşqçilər korpusu ilə birlikdə işləməyə və inkişaf etməyə davam etməlidir".