"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu cərimələnib. Sport24.az-ın məlumatına görə, UEFA Bundesliqa təmsilçisinə 49250 avro cərimə tətbiq edib.
Frankfurtlular qitənin bir nömrəli klub turnirində "Qalatasaray"la matçda yaşananlara görə ziyana düşüb.
Klub ictimai keçidlərin bağlanmasına görə 22 min, azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 12 min 250, idman tədbirinə uyğun olmayan mesajın ötürülməsinə görə isə 15 min avro ödəyəcək.
Qeyd edək ki, qarşılaşma Almaniya komandasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" "Ayntraxt"la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.