Son günlər MHL rəhbərliyini “All Star” həftəsində rusiyalı hokkeyçilərə oynamağa şans yaratdıqlarına görə tənqid edən əfsanəvi çexiyalı qapıçı Domenik Qaşek hələ də sakitləşməyib. Sport24.az xəbər verir ki, 1998-ci ildə Çexiya millisi ilə Olimpiya çempionu olan “Dominator” növbəti dəfə ittihamlarını səsləndirib: “Bəzi jurnalistlər bu məsələ haqda öz fikirlərini bölüşüb, amma yenə də ciddi bir əks-səda yaranmadı. Məni tanıyan bəzi insanlar tərəfimdə durdu. Əlbəttə, bu haqda müxtəlif fikirlər var. Amma 10 rusiyalı hokkeyçinin, üstəlik Aleksandr Oveçkinin kiçik oğlunun da buz üstünə çıxmasına görə təəssüflənirəm. O balaca uşağın atası Rusiyanın işğal siyasətinin ən böyük reklamıdır. Əlbəttə, uşağın burada heç bir günahı yoxdur. Əsas iradım MHL rəhbərliyinədir. Onlar buna yol verməməlidir”.